FƏLSƏFİ MAARİFÇİLİK ASSOSİASİYASI

HİMAYƏDARLAR ŞURASI

 

Bəxtiyar Vahabzadə   

- dahi Azərbaycan şairi (1925-2009)

                                                                                                                                                                                                                                                                     

 

O, dünyaya da, sənətə də, poeziyaya da dahi olmaq üçün gələnlərdən idi. Onun poeziyaya gəlişini də dərhal Azərbaycan xalqının dahilərindən biri – Səməd Vurğun sezdi.

Onun, o zaman iyirmi yaşlı gəncin “Ədəbiyyat qəzeti”ndə çap olunan “Yaşıl çəmən, ağac altı, bir də tünd çay” adlı şerini oxuyan Səməd Vurğun şerin altında göstərilən Bəxtiyar Vahabzadə imzasının hələ ki tanınmadığını, lakin bu imzanın bir şəxsiyyət simvolu olduğunu sezmişdi. Heç də təsadüfi deyildi ki, sonradan Çingiz Aytmatov da Bəxtiyar Vahabzadəni canlı klassik adlandırmışdı.

Dahi olduğunu, şəxsiyyət olduğunu, canlı olsa da klassik olduğunu və bütün bunlara görə də əbədiyyətin övladı olduğunu, zamana meydan oxuya biləcək qüdrət sahibi olduğunu Bəxtiyar Vahabzadənin özü də bilirdi, bundan qürur duyurdu, bunu bir alın yazısı hesab edirdi.

 

Sonu olan ömür istəmirəm mən,

Çıxaydım zamanın çərçivəsindən,

 

- deyərkən, Azərbaycan şairi Bəxtiyar Vahabzadə əslində bəşərin bir dahilik idealını yaratmışdı.

Al­­man filosofu Şopenhauer dahilik idealını gerçəkləş­di­rən­lər barədə bir zaman belə bir qiymətli fikir söyləmişdi ki, dahilər öz ruhlarını əsərlərə çevirməklə

əbədiləşirlər və əbədiy­yətin qoynunda özlərinin Dahilər Respublikasını ya­ra­­dır­lar. Onlar adi adamların səsli-küylü həyatından uzaqda və bu həyatın fövqündədirlər. Şopenhauerin sözlərini onu da əlavə etmək olardı ki, dahilər adi adamların duyğuları və zəkaları üzərində hökmdardırlar.

Onilliklər ərzində duyğular və zəkalar hökmdarı olan Bəxtiyar Vahabzadə əbədi olaraq da özünün bu hökmdarlığını saxlayacaqdır.

Bəxtiyar Vahabzadənin poeziyası təkcə təxəyyülün deyil, həm də təfəkkürün məhsuludur. Bəxtiyar Vahabzadə yaradıcılığı bir fəlsəfi poezi­ya­dır, poetik olduğu qədər də, fəlsəfidir. Hətta, bunlardan hansının üs­tün­lük təşkil etdiyini söyləmək də çətindir. Bəxtiyar Vahabzadə yaradıcılığı, eyni zamanda, poetik fəlsəfədir. Burada şair fəlsəfi fikir yaradıcısına çevrilir, filosoflaşır. Bəxtiyar Vahabzadə öz lirik qəhrəmanının həyat idealını təxəyyüldə canlandırarkən, eyni zamanda həyata da məna arayır, həyatın mənası ilə bağlı sualı daimi olaraq yaşadığından, həm də filosof olaraq qalır.

Bəxtiyar Vahabzadə həqiqi fəlsəfənin öz kökünü poeziyadan götürdüyünü söyləyirdi və o təssüf edirdi ki, filosofların bir çoxu poeziyadan uzaq olduqları qədər, həqiqi fəlsəfədən də uzaqdırlar.

Sonradan Bəxtiyar müəllimi şəxsən də tanımaq, onunla ünsiyyətdə olmaq səadəti mənə də nəsib oldu. Bəxtiyar müəllimlə elə ilk ünsiyyətim məndə çox güclü bir təəssürat yaratdı. Bu təəssürat Bəxtiyar Vahabzadənin 416 adlı poemasında təsvir olunan bir epizodun canlandırdığı hissiyyata bənzədilə bilər. Həmin epizod təqribən belədir: Böyük Vətən Müharibəsinin iştirakçısı olan bir azərbaycanlı əsgər birdən-birə Səməd Vurğunu öz yanında, səngərdə görür. Heyrətə gəlir,

 

Bu Vunğun deyilmi?!

Mən elə bildim

Bütün Azərbaycan bu səngərdədir!

 

hissiyyatını yaşayır. Mən də Bəxtiyar Vahabzadə ilə hər bir ünsiyyət məqamında oxşar hissləri, Bütün Azərbaycanla bir anlıq mənəvi təmas his­siy­yatını yaşamışam.

Bəxtiyar müəllimi yaxından tanıdıqdan sonra, mən onun Azərbaycanın dahi şəxsiyyətlərindən biri olmaqla yanaşı, həm də müdrik bir el ağsaqqalı olduğunu, mərd, kişiyana bir insan olduğunu da gördüm. Onun “Oğul, ehtiyatlı ol, özünü qoru” öyüdü hər zaman qulaqlarımda səslənir.

Amma Bəxtiyar Vahabzadə itkisi təkcə onun tanıyanlar üçün deyil, təkcə onun yaxın qohumları üçün deyil, bütün Azərbaycan xalqı üçün ağır itkidir. Azərbaycan xalqı təkcə bir şairini, təkcə bir bir görkəmli alimini, professorunu, akademikini deyil, bir dahisini, el müdrikini, el ağsaqqalını itirdi.

Lakin onun həyatla dolu olan ölməz poeziyası və xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

Adil Əsədov

AZƏRBAYCAN XALQI DAHA BİR DAHİSİNİ İTİRDİ.

"Fəlsəfə dünyası" jurnalı, 2009, N 1