"Fəlsəfə dünyası" jurnalı, 2009, N 1

 

 

Nailə Əsədova

 

 

İNCƏSƏNƏT

VİRTUAL REALLIĞIN İFADƏÇİSİ KİMİ

 

 

 

 

 

Virtual sözü ingilis dilinlən alınma virtue sözü əsasında da mənalandırıla bilər. Virtue sözü dəyər mənasını verir. Bu nöqteyi-nəzərdən virtual reallıq gerçəklikdə hələ ki öz təsdiqini tapmamış dəyərdir.

Virtual reallıq terminini ilk dəfə olaraq 1989-cu ildə Yaron Lanyer irəli sürmüşdür. Yaron Lanyer bir insan olaraq müəyyən mənada müasirliyin mücəssiməsidir. O, həm musiqiçidir, həm kompüter texnikası üzrə mətəxəssisdir, həm də sahibkardır, onun «VPL Riserç» firması ilk dəfə olaraq VR-modellərinin qurulması vasitələri işləyib hazırlamışdır.

Virtual reallıq bir sıra sahələrdə öz tətbiqini tapmışdıdır. Buraya misal olaraq uçuş şəraitinin imitatorları, pilotaj trenajyorları (pilotların və kosmonavtların məşq etməsi üçün istifadə olunan) kimi texnologiyalarda, hərbi əməliyyatların imitasion modelləşdirilməsində istifadə olunur. Virtual reallığın oyunlarda, elmi tədqiqatlarda və təhsil prosesində, xalq təsərrüfatının müxtəlif sahələrində geniş tətbiqi üçün böyük miqyaslı işlər gedir.

Virtual reallıq anlayışına ilkin tərifi belə vermək olar ki, virtual reallıq odur ki, maddi olaraq mövcud deyildir, xəyali olaraq mövcuddur. Məsələn irrasional ədəd, insanın xəyal dünyası və həmçinin müəyyən dərəcədə də yuxu.

Virtual reallıq süni reallıq olaraq da, realistik mühitin modeli olaraq da məna kəsb edə bilir. Virtual reallıq əslində olmayan, lakin, insan duyğuları vasitəsilə qeydə alınan məzmun kimi də təqdim oluna bilir. Virtual reallıq barədə söhbət gedərkən bəzən obrazı kompüter tərəfindən yaradılan məzmun da nəzərdə tutula bilir.

Virtual reallıq maddi olaraq mövcud olmasa da, maddi simvolika, maddi ekspressiya kəsb edə bilir. Biz öncə virtual reallığa misal olaraq irrasional ədədi xatırlamışdıq. Sözün geniş mənasında bütün riyaziyyat virtual reallığın simvolikası kimi dəyərləndirilə bilər. Əgər biz virtual reallıq olaraq idealı qəbul etsək, onda bütün incəsənəti virtual reallığın ifadəçisi kimi qəbul edə bilərik. Bu mənada biz düşünürük ki, virtual reallıq olmayan, lakin olmalı olan reallıqdır.

Virtual reallıq bu nöqteyi-nəzərdən estetik təfəkkürün bilavasitə məzmunu təşkil edir. Belə ki, estetik təfəkkür realist təfəkkürürdən fərqli olaraq özünün diqqət mərkəzində obyektiv reallığı deyil, virtual reallığı, idealı saxlayır.

Estetik təfəkkür bununla da həm də bədii təfəkkürdən fərqlənir. Estetik təfəkkürün diqqət mərkəzində ideal dayanırsa, bədii təfəkkürün mərkəzində daha çox sənətin gücü ilə bəzədilməli olan reallıq dayanır.

Əgər estetik təfəkkür idealı təhtəlşüurun məzmunundan şüurun məzmununa çıxarmaqdan ibarətdirsə, bədii təfəkkür sənətşünaslığın bir nəzəriyyə olaraq reallığa tətbiqi ilə bağlıdır. Bədii təfəkkür bütövlükdə şüuri xarakter daşıdığı halda, estetik təfəkkür şüurun, təhtəlşüurun və həmçinin də şüursuzluğun elementlərini özündə birləşdirir.

Bu nöqteyi-nəzərdən, estetik təfəkkür estetik şüurdan fərqləndirilə bilər. Estetik şüur estetik təfəkkürdən fərqli olaraq verballaşdırılmış, yəni sözlə ifadə olunmuş təfəkkürdür.

Viruallıq həm estetik şüur, həm də bütövlükdə estetik təfəkkür üçün səciyyəvidir.

Bəzi müəlliflər virual reallığı olmayan, lakin müəyyən şəraitdə ola bilən varlıq kimi qiymətləndirirlər və bununla da virual reallıq katerqoriyasını imkan katerqoriyası ilə və müəyyən dərəcədə də ehtimal kateqoriyası ilə eyniləşdirirlər. Lakin, əslində isə virual reallıq ümumiyyətlə müəyyən şəraitdə ola bilən varlıq kimi deyil, olmalı olan varlıq kimi dəyərləndirilməlidir.

Virtual reallıq yalnız bu mənada estetik təfəkkürün obyekti ola bilər.

Amma təfəkkür yalnız estetik təfəkkür olaraq, yalnız virual reallığın subyekti olaraq, yalnız olmalı olan haqqında təfəkkür olaraq qala bilməz. Bunun üçün o, yalnız virual reallığı deyil, həm də obyektiv reallığı düşünə bilməlidir. Obyektiv reallığın məzmununu öz obyektinə çevirən təfəkkür isə realist təfəkkür. Bu isə təfəkkürün öz təyinatını gerçəşləşdirməsində ikinci mərhələdir. Təfəkkürün öz təyinatını gerçəşləşdirməsində üçüncü, tamamlayıcı, həlledici mərhələ isə idealı gerçəklik səviyyəsinə, virual reallığı obyektiv reallıq səviyyəsinə, adiliyi gözəllik səviyyəsinə yüksəltmək üçün ideyanın yetişdirilməsidir.

Virtual reallıq özünün obyektiv reallığa qarşı qoyulma məqamında irreallığın məzmunu olaraq da dəyərləndirilə bilər.

İrreal anlayışının fəlsəfi rakursda xüsusi təhlili hər şeydən öncə əsr alman filosofu Hartmanın adı ilə bağlıdır. Hartman bu anlayışdan bədii əsərin fəlsəfi təhlili zamanı istifadə etmişdir. O, belə hesab edirdi ki, sənət əsəri – ruhun obyektivləşməsi olub, ikitəbəqəli xarakter daşıyır: ön planda “real”, fiziki olaraq mövcud olan əsər dayanır, arxa planda isə “irreal”, əsərdə “təzahür edən” təbəqə durur. Öz yaradıcısından ayrılan, obyektivləşən əsər canlı ruhla ünsiyyətdə olur və məhz şəxsiyyət irreal planın daha bir təzahürünü oyadır. Qeyd edək ki, həmçinin Suryo da belə hesab edirdi li, bədii əsər formalaşdıqdan sonra xüsusi bir varlıq statusunu alır və öz həyatına malik olur.

Göründüyü kimi, Hartman irreal məzmundan bəhs edərkən onu reallığın məzmununa qarşı qoysa da, bu qarşıqoyulma heç də «real – qeyri-real» xarakterli deyildir. Həmin bu qarşıqoyulma daha çox  «maddi reallıq»la «hələ ki maddi reallığa çevrilməyən» arasındalı münasibətlərin xarakterinə aid idi. Hartman belə hesab edir ki, insanın bədii əsərlə təması zamanı keçirdiyi yaşantılara bənzər hadisə həmçinin o zaman da baş verir ki, insan gözəlliyi sənətdən kənarda  - həyatda, insanın özündə, təbiətdə kəşf edir.

İspan filosofu Orteqa-i-Qasset irreal ideal anlayışları arasında paralel aparır. O, belə hesab edir li, sənətkar obyektlərdə obyektivləşməyəni, empirik reallıqda irreal olanı, yəni ideal varlığı kəşf edir. İncəsənət tərəfindən yaradılmış yeni dünyada predmetlər necə olmalıdırlarsa, elədirlər. Yeni dünya sənətkar tərəfin­dən dağıdılan, irreallaşdırılan xarici, empirik reallığın xara­balıqları üzərində qurulur.

Lakin, irreal məzmun öz təzahürünü, necə deyərlər, reallığını təkcə incəsənətdə tapmır. Artıq yuxarıda göründüyü limi, Hartmanda belə bir ehyam vardı li, bütövlükdə təbiət reallığının özü irreal məzmunun bir ifadəsidir. Oxşar fikirlərlə hind fəlsəfəsində də rastlaşmaq mümkündür.

Maraqlı bir cəhət: irreal sözü latın mənşəlidir, qeyri-maddi mənasını verir. Buradan alına bilən məntiqi nəticə isə real maddi anlayışlarının identifikasiyasından ibarət ola bilərdi. Lakin, bizə real sözünün latın dilində tamamilə başqa, hətta tamamilə əks bir mənanı daşıdığı da bizə məlumdur. Orta əsr Avropasının latındilli fəlsəfəsinin ən nüfuzlu cərəyanlarından biri olan realizm məlum olduğu kimi real sözünə əksinə olaraq qeyri-maddi olan, ilahidə olan mənası verirdi.

İrreal məzmunun bir çox insani təzahür formaları da əlbəttə ki vardır. Bunların ən mühümlərindən biri təbii ki yuxarıda xatırlanan incəsənətdir. İrreal məzmunun digər mühüm insani təzahürü isə elmdir. İrreal məzmun incəsənət nöqteyi-nəzərindən idealın məzmununu, elm nöqteyi-nəzərindən isə ideyanın məzmununu əhatə edir.

Hətta iradənin özü belə gerçəkləşincəyə qədər irrealdır.

Əgər biz irreal məzmunun insani təzahürləri içərisində onların ən mühümlərindən biri kimi incəsənəti qəbul etsək, onda idealı irreal məzmunun bir forması olaraq qəbul edə bilərik. Əgər virtual reallıq olmayan, lakin olmalı olan reallıqdırsa, onda irreal məzmun olmayan, lakin ola bilən reallıqdır. Elə bu səbəbdən də, əgər virtual reallıq estetik təfəkkürün birbaşa mənbəyinini təşkil edirsə, onda irreal məzmun estetik təfəkkürü bir ehtimali təfəkkür olaraq ifadə edir.

Estetik təfəkkür hər iki halda realist təfəkkürün əksliyi olaraq çıxış edir. Bu baxımdan Adil Əsədovun estetik konsepsiyası son dərəcə maraq kəsb edir.

Hər şeydən öncə, qeyd olunmalıdır ki, Adil Əsədovun estetik konsepsiyası ən ümumi halda spiritualist aristokratizm fəlsəfəsinin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Spiritualist aristokratizm fəlsəfəsinin öz məntiqinə uyğun olaraq Adil Əsədov belə hesab edir ki, Elitar təfəkkür estetik başlanğıcdan, idealdan, kütlə təfəkkürü isə empirik başlanğıcdan, reallıqdan çıxış edir. Lakin, bununla belə elitar təfəkkür idealdan çıxış etsə də, yalnız ideala qapanıb qalmır. Əgər o, yalnız ideala qapanıb qalsaydı, sadəcə olaraq estetik təfəkkür olardı. Estetik təfəkkürün məzmunu isə, bütövlükdə elitar təfəkkürün məzmunundan ibarət deyildir, bu məzmunun yalnız müqəddimələrindən biridir. Elitar təfəkkürün digər müqəddiməsi isə empirik başlanğıcın məzmunundan ibarətdir. Elitar təfəkkür idealdan çıxış etməklə yanaşı, həm də maddi aləmin artıq qərarlaşmış hərəkət məntiqinə də istinad edir, idealı gerçəkləşdirməkdən ötəri predmet fəaliyyəti dairəsinə daxil ola biləcək real vasitələrə də mütləq əsaslanır. Ənənəvi olaraq elitar təfəkkürə qarşı qoyulan kütlə təfəkkürü bütövlükdə empirik təbiətli olduğundan, kütlə təfəkkürü­nün məzmunu, elə bu səbəbdəndir ki, elitar təfəkkürün empirik müqəddiməsinin bir hissəsini təşkil etmiş olur.

Bütün bunlarla yanaşı, belə bir maraqlı cəhət də diqqəti cəlb edir. Adil Əsədov belə hesab edir ki, estetik təfəkkür sona qədər inkişaf etdirildiyi bütün hallarda, onun başlanğıcı gözəllik duyğusundan qidalansa da, sonu realist təfəkkürə calanır. Estetik təfəkkür romantizm­dən realizmə doğru istiqamətlənən tarixi yol keçir. Realizm – estetikanın sonu, metafizikanın isə başlanğıcıdır. Estetik təfəkkür gözəlliyin bir rasional təqdimatı olaraq, əslində gözəllik fəlsəfəsi olaraq möv­­cuddur. Gözəlliyin gerçəkliyi, reallığı isə gözəlliyin rasional təqdimatından, əlbəttə ki, daha öncüldür.

Bu nöqteyi-nəzərdən, estetik təfəkkür sözün böyük, tam mənasında ümumiyyətlə təfəkkürün başlanğıc məqamıdır. Adil Əsədov ümumiyyətlə təfəkkür sistemində estetik təfəkkürün mövqeyini isə belə təqdim edir: Təfək­kür bütövlükdə zid­diy­yətin nəzəri həlli olduğundan, ziddiyyətin hər bir forması uyğun təfəkkürü törədir. Tələbat – adi təfəkkürün, problem – məntiqi təfəkkürün, qeyri-müəyyənlik isə intuitiv təfəkkürün əsasını təşkil edir. Əgər əksliklərin hər ikisi, üstəlik, əksliklərin əlaqələndirici həlqələri də müəyyəndirsə, bu hal adi təfəkkürü ön plana çıxarır. Əgər əksliklərin hər ikisi müəyyəndirsə, lakin, əksliklərarası aralıq həlqələr müəyyən deyilsə, insan bu halda ziddiyyəti bir problem olaraq daşıyır və məntiqi təfəkkürün çıxış nöqtəsində dayanmış olur. Əgər əksliklərdən yalnız biri müəyyəndirsə, insan bu halda ziddiyyəti bir problem situasiyası olaraq, formalaşmamış bir problem olaraq daşıyır. Əgər üst əkslik - ideal müəyyəndirsə, insan estetik təfəkkürün subyekti kimi, yox, əgər alt əkslik – reallıq müəyyəndirsə, insan empirik təfəkkürün subyekti kimi çıxış edir. Formalaşmamış problem, əgər belə demək mümkündürsə, yarı-qeyri-müəyyənlikdir. İnsan bütöv­lük­də qeyri-müəyyənliyin daşıyıcısı olaraq isə intuitiv təfəkkürün subyekti kimi çıxış edir. Təfəkkürün intuitiv səviyyəsində nə əksliklərdən hər hansı biri, nə də əksliklərarası aralıq həlqələr müəy­yən deyildir.

Estetik təfəkkürün Adil Əsədov anlamında daha bir cəhət diqqəti cəlb edir. Adil Əsədov incəsənəti və estetik təfəkkürü mahiyyətin ifadəçisi olaraq görür və özünün qeyd etdiyi kimi, elə bu səbəbdən də, bütövlükdə olmasa da, əsasən, eks­pressionizm mövqeyindər. O, özünün eks­pressionist mövqeyini onunla əsaslandırır ki, incəsənəti və gözəlliyi bu və ya digər şəkildə izah edən estetik doktrinalar reallığı bu və ya digər şəkildə, bu və ya digər başlanğıc­dan çıxış edərək izah edən fəlsəfi üslublarla üzvi olaraq bağlıdır. Ekspressionizm özünün fəlsəfi əsasını spirtualizmdə, simvolizm - teizmdə, abstraksionizm - fatalizmdə, realizm isə - materializmdə tapır. Adil Əsədov spiritualizmin estetik əhəmiyyətini onda görür ki, o ,insanı və dünyanı mahiyyətindən gözəlləşdirmək üçün bir ontoloji zəmin ola bilir. Teizmin estetik əhəmiyyəti isə, Adil Əsədovun nöqteyi-nəzərindən, ondadır ki, o, insanı öz həmcinslərinə yararlı və faydalı edərək gözəl göstərir. Fatalizmin estetik əhəmiyyətini isə ona şamil edilir ki, o, insanın dünyadan asılılıq hissini kütləşdirərək, qorxu hissini arxa plana atır və bununla da insanı cəsarət gözəlliyinin mücəssiməsinə çevirir. Materealizmin estetik əhəmiyyəti isə ondadır ki, o insanları hakimiyyətlə, ad-sanla, var-dövlətlə, təm-taraqla, cəh-cəlalla bəzəyərək onu cəmiyyətə olduğundan qat-qat gözəl göstərmək üçün bir fəlsəfi əsas ola bilir. Spiritualist fəlsəfi üslub insanı həqiqətən gözəlləşdirmək üçün, teist fəlsəfi üslub gözəl mənəviyyatlı göstərmək üçün, fatalist fəlsəfi üslub onun eybəcər reallığını gözəl ideala təslim etmək üçün və nəhayət, materealist fəlsəfi üslub isə insanı maddiyyat sahibi edə­rək gözəl göstərmək üçün son dərəcə yararlıdır.

Bütün bu deyilənlərdən belə bir nəticə əldə etmək olar ki, virtual reallıq və  irreal məzmun estetik təfəkkürün ontoloji əsasları kimi daha çox spiritualizmin estetik doktrinasına aiddir.