"Fəlsəfə dünyası" jurnalı, 2009, N 1
POEZiYA VƏ FƏLSƏFƏ:
idealın fəlsəfi mənalandırılması ilə mənanın poetik ideallaşdırılması arasında
yaxınlaşmalar[1]
Bəxtiyar Vahabzadə, xalq şairi
Adil Əsədov, fəlsəfə elmləri doktoru
Adil ƏSƏDOV: Azərbaycanda poeziya və fəlsəfə mövzusunu sözün tam və həqiqi mənasında ilk dəfə olaraq irəli sürən Asif Əfəndiyev poetikləşmiş fəlsəfə nümunəsi kimi Sizin yaradıcılığınıza istinad etmiş və Sizin poeziyanızda ən qabarıq cəhət kimi dünyanın və zamanın fəlsəfi mənalandırılmasına meyli qeyd etmişdir. Bu doğrudurmu? Fəlsəfilik Sizin poeziyanızın əsas cəhətidirmi?
Bəxtiyar VAHABZADƏ: Fəlsəfilik təkcə mənim yaradıcılığımın deyil, ümumiyyətlə poeziyanın ayrılmaz xüsusiyyətidir. Bizim Azərbaycan poeziyası da ta Nizamidən başlayaraq fəlsəfi xarakter daşımışdır. Nizaminin və Xaqaninin qocalığa verdiyi poetik təsvirə nəzər salın. Nizami deyirdi: qocalıqda belin ona görə bükülür ki, dünyadan çıxmaq üçün onun qapısına üz tutursan. Xaqani deyirdi ki, qoca özünün son məkanı olan torpağa salam vermək üçün başını aşağı salır. Qocalığın bu təsvirləri fəlsəfi deyilmi?
Adil ƏSƏDOV: Şairi filosof obrazında göstərən Nizami və Xaqani nümunələri son dərəcə uğurlu və gözəldir. Ömrün ağsaqqal çağına klassiklər tərəfindən verilmiş səciyyə həm poetikdir, həm də fəlsəfidir. Lakin yəqin ki, razılaşardınız ki, poetiklik heç də həmişə fəlsəfilik deyildir. Filosof obrazı ilə şair obrazı arasındakı fərq bir çox mütəfəkkirlər tərəfindən sezilmiş və mənalandırılmışdır. Məsələn, Platon doktrinasına yuxarıda xatırlatdığımız Asif Əfəndiyev belə bir rekonstruksiya verir: Şair həmişə həyəcanlı, çılğındır, çünki maddi aləmin ülviliyinə, kamilliyinə sadəlövhcəsinə inanır və bunlardan vəcdə gəlir. Filosof isə sakitdir. O, maddi aləmin gəldi-gedər olduğunu bilir və ona görə də, kədər, yaxud sevinc, qəzəb kimi hisslər heç vaxt onun daxili sabitliyini poza bilmir. Sizcə, bu doktrina doğrudurmu?
Bəxtiyar VAHABZADƏ: Şair dünyanın ülviliyinə sadəlövhcəsinə inanır demək, dünyanın kamilliyi qarşısında yaradıcı heyrəti şübhə altına almaq heç bir vəchlə düzgün hesab edilə bilməz. Poeziyada dünyanın ilahi mahiyyətinin təzahürü vardır. Mənim kölgəm yalan, mən doğruyam. Mən özüm də allahın kölgəsiyəm. Mən yalanam, allahım doğrudur.
Adil ƏSƏDOV: Dünyanın ilahi mahiyyəti şairin ruhuna, oradan isa poeziyasına hopur. Gözəl fikirdir. Bu fikir mənə Sizin bir şerinizi xatırlatdı:
Daş da qiymətlidir əldən gedəndə,
Mələk də səndədir, şeytan da səndə.
Yaxşı da, yaman da, dost da, düşmən də,
Sənin öz içində, öz içindədir.
İndicə söylədiyimiz fikir isə müəyyən mənada ona işarə vurur ki, insan yalnız mələyi deyil, Allahın özünü də öz içərisində, öz ürəyinin səsində duya bilər. Fikrinizin istiqamətini təhrif etmədimmi?
Bəxtiyar VAHABZADƏ: Məncə yox. Allah doğrudan da insanın öz qəlbindədir.
Adil ƏSƏDOV: Əgər insan Allahı öz qəlbində, ürəyinin səsində duyursa, onda demək olarmı ki, insan ağlının səsində iblisi eşidir. Ürək insanı ilahi yola, ağıl isə iblis yoluna çəkir.
Bəxtiyar VAHABZADƏ: Mənim fikrimcə, elə deyil, bəlkə də bunun tamamilə əksinədir. İnsanın ürəyindən pis niyyətlər də keçə bilər. Əksinə ağıl bu pis niyyətləri insanın qəlbindən çıxarıb atır. Bu halda ağıl ikinci səs olur, vicdanın səsinə çevrilir.
Adil ƏSƏDOV: Vicdan, doğrudan da, ağlın ifadəçilərindən biridir. Bununla bağlı Sizin fəhminiz qarşısında mən ancaq öz heyranlığımı bildirə bilərəm. Lakin, vicdan ürəyin səsi ilə ağlın səsi arasındakı ziddiyyəti və barışmazlığı ağlın, daha dəqiq deyilsə, ictimai rəyin xeyrinə, və eyni zamanda ürəyin səsinin boğulması hesabına həll etdiyindən insanı öz üzərində zorakılıq etməyə məcbur edir. Ürəyinin səsi boğulmuş adam vicdanlı görünsə də, əslində yazıq olur. İnsan həyata keçirmədiyi hər bir istək qarşısında alçalır. İnsan arzularının boğulduğu bütün hallarda onun ləyaqəti tapdalanmış olur.
Bəxtiyar Vahabzadə: Bəlkə ürəkdən pis arzular keçirsə?
Adil Əsədov: Ürəkdən heç zaman pis arzular keçə bilməz. Lakin, ürəkdən keçən arzular ağlın təsiri ilə pisləşə bilər, çirklənə bilər. "Ürəyinə şeytan girib" hökmünün mənası bəlkə də "Ağlın ürəyindən keçən həqiqi insan arzularını çirkləndirib, ürəyində daşınan həqiqi insan ideallarını eybəcərləşdirib", deməkdir. Ürəkdən pis niyyət keçmək ürəyin ağılla çirklənməsidir, ürəyin həqiqi səsinin təhrif olunaraq korşalmasıdır, boğulmuş idealların məzarı üzərində saxta arzuların cücərməsidir. Elə buna görə də, ürək və ağıl arasındakı ziddiyyət, bəlkə də sadəcə olaraq vicdan əsasında deyil, ləyaqət əsasında həll edilməlidir. Əgər vicdan arzuların boğulmasının mümkünlüyündən və zəruriliyindən çıxış edirsə, ləyaqət bunun tamamilə əksinə olaraq, insan arzularının boğulmasını nəinki qeyri-zəruri, həm də qeyri-mümkün hesab edir. Bir sözlə, ləyaqət həqiqi insan arzularının mütləq gerçəkləşdirilməsini və özü də bu gerçəkləşdirilmə zamanı gerçəkliklə çirkləndirilməməsini nəzərdə tutur.
Bəxtiyar Vahabzadə: Deyəsən, doğruya oxşayır.
Adil Əsədov: Gerçəklik ürəyi nə qədər çirkləndirsə də, hər bir insan öz qəlbində özünün gözəllik idealını, bu və ya digər dərəcədə olsa da, duyur və onu əzizləyir. Bir zaman Siz özünüz də yazmısınız ki, ən eybəcər adamın da qəlbində işığa, təmizliyə, gözəlliyə meyl və ona çatmaq arzusu var.
Bəxtiyar Vahabzadə: Mən indi də bu fikri təsdiq edə bilərəm.
Adil Əsədov: Ürəyin səsində mütləq həqiqəti və mütləq gözəlliyi duyuruqmu?
Bəxtiyar Vahabzadə: Bəlkə də. Amma, gözəllik məncə nisbidir. Mənim üçün gözəl olan Sizin üçün gözəl olmaya da bilər.
Adil Əsədov: Əgər Sizin üçün gözəl olan mənim üçün gözəl deyilsə, məncə, bu o deməkdir ki, mənim gözəllik duyğum korşalmışdır. Vaxtilə Siz məqalələrinizin birində yazmışdınız ki, gözəllik idealdır, ucalıqdır. İnsan təbiəti həmişə gördüyü, lakin əl çatmayan ideala can atır, bu canatma isə onu uçaldır, böyüdür, gözəlləşdirir. Məncə, poeziya doğrudan da idealın xalis şəkildə təqdimatı və tərənnümüdür. Şair əksər hallarda, Sabir Rüstəmxanlının obrazlı dili ilə deyilsə, elə bil bu dünyada yaşamır, özünün ideal və gözəllik dünyasında yaşayır. Şair gerçəklikdən uzaqlaşır, ideala doğru üz tutur. Özü də ideala bağlılıq və gerçəkliyə qarşı etinasızlıq bütün ədəbi janrlara nisbətən poeziyada daha güclüdür. Poeziyadan fərqli olaraq dramda gerçəkliyə etinasızlıq göstərilmir, eybəcər gerçəklik ilə gözəl ideal arasındakı ziddiyyət ön plana çıxarılır, dram qəhrəmanı bu ziddiyyəti bütün dərinliyi və bütün kəskinliyi ilə yaşayır, onda gözəl ideala yüksəlmək meyli ilə yanaşı, eybəcər gerçəkliyə uyğunlaşmaq meyli də vardır. Faciə gözəl idealın eybəcər gerçəklik tərəfindən məhv edilməsini, komediya isə eybəcərliyin gözəllik üzərində təntənəsini ifadə edir.
Bəxtiyar Vahabzadə: Tamamilə belədir. Sizin indicə təsvir etdiklərinizi mən həmişə hiss edirəm. Cəlil Məmmədquluzadəyə nə qədər hörmətim olsa da, komizm mənim ruhuma yaddır.
Adil Əsədov: Əgər komediyada eybəcər gerçəklik gözəl ideala istehza edirsə, prozada artıq ideal özünün gerçəklik qarşısındakı məğlubiyyətini etiraf etmiş olur. Gerçəkliyin prozaik təqdimatı idealı gerçəklikdən ayırır və bununla da, gerçəkliyin tədricən mənasızlaşdırılmasına və bayağılaşdırılmasına doğru gedən yolun başlanğıcını qoyur. Gerçəkliyin ideal dünyasından fakt dünyasına çevrilməsi ilə isə həyatın özü də mənasını itirir və mənasızlaşır. Fəlsəfə həyatı təzədən mənalandırır və bununla da, estetik idealın yenidən doğuluşunu şərtləndirir. Proza kimi başlayan fəlsəfə poeziya kimi başa çatır. Fəlsəfədə sonuncu söz poeziyada birinci sözə çevrilir. Fəlsəfədə poetiklik poeziyada fəlsəfiliklə əvəz olunur. İdealın fəlsəfi mənalandırılması mənanın poetik ideallaşdırılması ilə tamamlanır.