SƏNƏT  GÖZƏLLİK FƏLSƏFƏSİNİN İŞIĞINDA:

fəlsəfə elmləri doktoru Adil Əsədovun Gözəlliyin fəlsəfəsi əsəri ilə bağlı mülahizələrim

 

Adil Əsədovun Gözəllik fəlsəfəsi şəxsən mənim üçün bir rəssam, bir heykəltaraş, bir sənətşünas olaraq çox maraqlıdır. Çünki burada müəllif həm bütövlükdə gözəlliyin, həm də sənətdə gözəlliyin fəlsəfi təqdimatını verir.

Öncə əsərin təsviri sənətin fəlsəfəsi ilə bağlı bölməsini oxudum. Əvvəlcə orijinalın öz dilində, yəni Azərbaycan dilində. Mən təhsilimi rus dilində aldığım üçün xahiş etdim, bu bölməni rus dilinə çevirsinlər. Tərcüməni də eyni diqqətlə və maraqla oxudum.

Etiraf edim ki, burada mən elə ilk andan başlayaraq duydum ki, Adil Əsədov təsviri sənətdə başqa müəlliflərin, filosofların, sənətşünasların aşkar etdikləri məqamları son dərəcə müvəffəqiy­yətlə ümumiləşdirə bilmişdir. Belə bir təəssürat məndə elə ilk baxışdan yarandı. Müəllifin fikirlərinə, mülahizələrinə daha dərindən nüfuz etdikcə isə duydum ki, Adil Əsədov digər müəlliflərin hiss etmədikləri, görmədikləri, sezmədikləri cəhətləri də üzə çıxarmağa müvəffəq olmuşdur. Əsər bütövlükdə təsviri sənətə həsr olunmasa da, müəllif əslində həm də təsviri sənətin və ümumiyyətlə incəsənətin yeni bir fəlsəfəsini təqdim edə bilmişdir. Təsviri sənətin Adil Əsədov tərəfindən təqdim olunan fəlsəfəsi məndə son dərəcə güclü təəssürat yaratdı və mən bu təəssüratın təsiri altında da sənət və gözəllik mövzuları ətrafında onunla maraqlı bir söhbət də apardım.

Müəllif belə hesab edir ki, sənət əslində reallığı deyil, idealı ifadə etməlidir. Doğrudur, əgər biz Leonardo da Vinçinin əsərlərinə diqqət yetirsək asanlıqla sezə bilərik ki, burada heç vaxt dünya olduğu kimi təsvir olunmur. Leonardo da Vinçi heç vaxt dünyanın özünü təsvir etmir. Lakin mən düşünürəm ki, burada bir şərtilik də mövcuddur. Əgər Səttar Bəhlulzadənin Əmircan kəndində qəbirüstü abidəsinə nəzər salsanız onun əllərində iki çərçivə görəcəksiniz. Biz rəssamlar onların adına adətən podramnik və ya podramok deyirik. Həmin çərçivələrin ikisi də  boşdur. Bu çərçivələrdən Səttar Bəhlulzadənin doğma bildiyi mənzərələr görünür. Çərçivənin ölçüləri və yerdən olan məsafəsi elədir ki, abidə qarşısında duran kəs özünü çərçivə içərisində təbiətin özü tərəfindən yaradılan bir rəsm əsərinin tamaşaçısı kimi hiss edir. Səhərlər, gündüzlər, axşamlar və nəhayət gecələr bir-birini əvəz etdikcə, həmçinin fəsillər bir-bir dəyişdikcə Bəhlulzadənin əlində tutduğu çərçivələrdən görünən mənzərələr də dəyişir.

Təs­­­viri sənət əsəri bir simvoldur. Bu simvol  gerçəkliyin özü­nü yox, mahiyyətini ifadə edir. Həmin bu simvol mahiyyətin dərinliklərinə də vara bilər, dayaz da ola bilər.

Müəllif incəsənətin və xüsusən də heykəlin kult əhəmiyyyətini vurğulayır. Heykəl ümumiyyətlə tarixi olaraq kult əhəmiy­yətinə malik olub. Bütpərəstlik buna nümunə ola bilər. Bü­töv­­lük­də isə, heykəl – ideal ifadəçisidir. Yeri gəlmişkən ideal­la bağlı: Qədimlərdə, bəlkə də, matriarxat dövründə o qadın daha ideal hesab edilirdi ki, o dünyaya daha çox övlad gətirə bilir. Qadın heykəlini də elə yaradırdılar ki, bütün diqqət onun bətninin böyüklüyünə yönəldilirdi.

Kişi və qadın təbiəti, onların sənətdə ifadəsi ilə bağlı müəllif fikirləri də mənə çox maraqlı göründü. Kişi – təbiətən cəngavərdir. Təəssüf ki, in­di biz cəngavərliyi sanki itirməkdəyik.

Sənətin fəlsəfəsi ilə bağlı Adil Əsədov tərəfindən irəli sürülmüş əksər fikirlərlə razıyam. Onin yalnız tək bircə fikri məndə etiraz do­ğur­du. Bu etiraz, bəlkə də, Azərbaycan dilindəki mətnin mənim düzgün duymamağımdan, bəlkə də, rus dilinə tərcümənin dəqiq olmamasından irəli gəlir. Bilmirəm. Müəllif qeyd edir ki, təsviri sənət bədii ədəbiyyata bir illüstrasiya olaraq mey­dana gəlmişdir. Mən yalnız bu fikirlə razı deyiləm. Qobustanda və həmçinin dünyanın bir çox regionlarında müşahidə olunan qayaüstü təsvirlər bizim eradan təxminən 40 min il əvvəl yaradılmışdır. Bu təsvirlər bəşəriyyətin uşaqlıq dövrünə, ibtidai dövrə, ibtidai icma dövrünə aid edilsələr də, son dərəcə böyük ustalıqla yaradılmışlar. Onlar həqiqətən də sənət şedevrləridirlər. Məsələn, indiki rəssamlar belə şedevrləri yarada bilməzlər. Təsviri sənətin tarixi bədii ədəbiyyatın tarixindən daha qədimdir.

Müəllifin təsviri sənət, onun fəlsəfəsi ilə bağlı olan mülahizələri mənə nə qədər güclü təsir etmişdisə, təsviri sənət ilə bilavasitə bağlı olmayan, lakin, son dərəcə fəlsəfi olan, gözəlliyin və incəsənətin möhtəşəm fəlsəfəsini təqdim edən digər mülahizələri də, diqqətimi bir o qədər də, bəlkə də daha çox cəlb etdi. Çox bəyəndim.

Mənə elə gəlir ki, müəllif gözəlliyin fəlsəfəsi­nə ənə­nəvi estetikadan fərqli bir anlamda yanaşır. Müəllif insan gözəlliyinin sirrini insanın öz ideallarına yetişməsində, onun xoşbəxtliyində görür. Xoşbəxtliyin gözəlliyi doğurması fikri ilə mən də şəxsən razılaşardım.

Bu kontekstdə həyatın müxtəlif dövrlərinə müəllifin verdiyi fəlsəfi səciyyə də çox maraqlıdır. Amma mənə elə gəlir ki, öm­rün ən xoşbəxt çağı uşaqlıq çağıdır. Uşaq elə bilir ki, o, Kai­­­­natın mərkəzidir.

Son olaraq bildirmək istərdim ki, Adil Əsədov filosofluqetmənin Azərbaycanda yeni bir stilini yarada bil­miş­dir. Kitab, qəti olaraq, çoxsaylı tədqiqat əsərlərindən biri kimi deyil, təkraredilməz, unikal bir fəlsəfi qüdrət nümunəsi kimi qəbul edilməlidir. Düşünürəm ki, Adil Əsədovun bu əsəri Azərbaycan fəlsəfəsi və sənətşünaslığı tarixində əslində bir hadisədir. Elə bir hadisədir ki, onun baş verməsi ilə bu vaxta qədər mövcud olan fəlsəfi ənənələr, fəlsəfi düşüncələr, sənətşünaslıq paradiqmaları artıq də­­­­yi­şə də bilər. Mən bu kitabda möhtəşəm Azərbaycan dühasının daha bir təcəssümünü gördüm. Sevinirəm ki, Azərbaycan dühası öz fəlsəfi mücəssiməsini bir daha tapa bildi.

 

 


 

Ömər ELDAROV,

Sənətşünaslıq doktoru, professor, akademik,

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru.

 

 

“525-ci qəzet”, 04 may 2005-ci il.