ADİL

        İSGƏNDƏR oğlu

        ƏSƏDOV

    

1958-ci ildə Quba şəhərində anadan olub.

1986-1989-cü illərdə Azərbaycan Elmlər Akademiyası  Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında "fəlsəfə" ixtisası üzrə təhsil almışdır. "Təfəkkürün tarixi tipləri və mühəndis fəaliyyəti" mövzusunda dissertasiyasını vaxtından əvvəl, aspirantura müddəti başa çatmamış müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. 1994-cü ildə "Təfəkkür tipləri dinamikası "cəmiyyət və təbiət" sistemi kontekstində" mövzusunda dissertasiyanı müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır.

Aspiranturanı bitirdikdən sonra Akademiyada işə qəbul olunmuş və burada elmi karyeranın bütün mərhələlərindən keçmişdir: əvvəlcə kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, sonralar isə, aparıcı elmi işçi, baş elmi işçi, qrup rəhbəri və şöbə müdiri vəzifələrində çalışmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasında 1986-cı ildən fasiləsiz olaraq çalışmaqla yanaşı, müxtəlif ali məktəblərdə dərs demişdir. 1994-1995-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun, 1996-1997-ci illərdə Bakı Dövlət Universitetinin professoru olmuşdur.

2005-ci ildə Fəlsəfi Maarifçilik Assosiasiyasını təsis etmişdir. Assosiasiyanın rəhbəri olaraq dünya fəlsəfi irsinin Azərbaycan dilinə tərcümə olunmasında və yayılmasıbda iştirak etmişdir.

Dünya Azərbaycanlılarının III Qurultayının (2011) nümayəndəsi olmudur.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının himayəsi altında həyata keçirilən “Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesində milli mədəniyyətin inkişaf perspektivləri”(2009), “Azərbaycan mədəniyyəti dünya sivilizasiyasi kontekstində” (2011) layihələrnin rəhbəri olmuşdur, hal-hazırda “Azərbaycan mədəniyyətinin inkişafinda regional resurslarin əhəmiyyəti” (2012) layihəsinin həyata keçirilməsinə rəhbərlik edir.

2011-ci ilin yanvarından Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. İnstitutun Elmi Şurasının və Dissertasiya Şurasının üzvüdür.

Azərbaycan, rus, ingilis və alman dillərində çap olunan 170-dən artıq elmi əsərin müəllifidir.Dünyanın müxtəlif ölkələrində çap etdirdiyi elmi əsərləri öz orijinallığı və təkrarolunmazlığı ilə seçilir.

Bir çox beynəlxalq konfransların iştirakçisı və məruzəçisi olmuşdur. Bakıda, Moskvada, Minskdə, Tbilisidə, Belqorodda, Bratislavada keçirilən beynəlxalq elmi konfranslarda çıxışlar etmişdir. Sosial elmlər üzrə İkinci Ümumavropa Konfransında (13-18 iyun, 1998) Azərbaycanı təmsil etmişdir. Moslem World and Europe mövzusunda məruzəsi 1999-cü ildə Parisdə çap olunmuşdur.

Postsovet məkanının ən nüfuzlu jurnalı olan «Вопросы философии» jurnalında 20 illik fasilədən sonra (2011) çap olunan ilk Azərbaycan müəllifidir.

Dünya fəlsəfi irsindən iri həcmli tərcümələri vardır. Dahi alman filosofu Artur Şopenhauerin “Dünya iradə və təsəvvür kimi” adlı şah əsrini, Norveç filosofları Gunnar Skirbekkin və Nils Gilyenin "Fəlsəfə tarixi" əsərini və Amerika filosofu Uill Dürantın "Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları" (Will Durant. The Story of Philosophy. The lives and Opinions of the Grater Philosophers, N.Y, 1933) əsrini Azərbaycan dilinə tərcümə etmişdir.

Elmi fəaliyyətinin əsas qayəsini isə Fəlsəfi Pentalogiyanın – beş hissədən ibarət fəlsəfi sistemin – yaradılması təşkil edir. Forması etibarı ilə Fəlsəfi Pentalogiya formatında olan, məzmunu etibarı ilə müəllif tərəfindən spiritualist aristokratizm fəlsəfəsi adlandırılan həmin sistemin tərkib hissələri bunlardır: Gözəlliyin fəlsəfəsi, Varlığın fəlsəfəsi, Təfəkkürün fəlsəfəsi, Əxlaqın fəlsəfəsi və Siyasətin fəlsəfəsi.

Adil Əsədovun spiritualist aristokratizm fəlsəfəsi belə bir müddəadan çıxış edir ki, “Mən necə olmalıyam?” və “Dünya necə olmalıdır?” suallarına müfəssəl cavab vermək öhdəliyindən Gözəllik fəlsəfəsi çıxış etməli, “Mən nəyə güvənə bilərəm?” sualına nəticə etibarı ilə Varlıq fəlsəfəsi cavab verməli, “Mənim nə etmək imkanım var?” sualını son nəticədə Təfəkkür fəlsəfəsi cavablandırmalı, “Nəyi etmək mənə yasaqdır?” sualına Əxlaq fəlsəfəsi cavab tapmalı, “Mən nə etməliyəm?” sualına cavab isə Siyasət fəlsəfəsinin və bütövlükdə fəlsəfənin son sözü olmalıdır.

Bu suallar mənalandırıldıqca və fəlsəfi rakursda cavablandırıldıqca Fəlsəfi Pentalogiya sisteminin ayrı-ayrı bölmələri də çap olunmuşdur. Bu bölmələr içərisindən birinci çap olunan hissə, Təfəkkürün fəlsəfəsi akademik Firudin Köçərlinin və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məqsəd Səttarovun rəyləri əsasında 1997-ci ildə nəşr olunmuşdur. Əsərin müzakirələrində akademik Azad Mirzəcanzadə iştirak etmişdir. Əsərə Ön söz əməkdar elm xadimi, professor Cəmil Əhmədli tərəfindən yazılmışdır. Monoqrafiya Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən ilin ən mühüm nailiyyəti kimi qiymətləndirilmişdir.

Fəlsəfi Pentalogiya sisteminin bölmələri içərisindən ikinci çap olunan hissə, Siyasətin fəlsəfəsi 2001-ci ildə nəşr olunmuşdur. Əsərin müzakirələrində akademik Bəxtiyar Vahabzadə, akademik Cəmil Quliyev, akademik Əfrand Daşdəmirov, akademik Firudin Köçərli, akademik Fuad Qasımzadə, akademik İqrar Əliyev, akademik Kamal Talıbzadə, akademik Rasim Əfəndiyev, akademik Tofiq Köçərli, akademik Ziyad Səmədzadə, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri - Ağasəlim Ələsgərov, Əziz Mirəhmədov, Teymur Vəliyev, Yaşar Qarayev, Zakir Məmmədov iştirak etmişlər. Akademik Firudin Köçərli həmin monoqrafiyaya "Fəlsəfəmizdə yeni bir səhifə" adlı Ön söz yazmış və bu əsərə "Azərbaycan" qəzetində çap etdirdiyi "Daha bir uğurlu addım" adlı xüsusi məqalə həsr etmişdir.

Fəlsəfi Pentalogiya sisteminin bölmələri içərisindən üçüncü çap olunan hissə, Gözəlliyin fəlsəfəsi hər bir fəsli ayrıca elmi müzakirəyə cəlb olunmaqla 2005-ci ildə akademik Bəxtiyar Vahabzadənin, akademik Ömər Eldarovun, akademik Fuad Qasımzadənin, akademik Rasim Əfəndiyevin, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan musiqisinin və sənət nəzəriyyəsinin görkəmli nümayəndəsi Arif Məlikovun rəyləri əsasında və akademik Firudin Köçərlinin redaktorluğu ilə çap olunmuşdur. Əsərin müzakirələrində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, akademik Ağamusa Axundov, akademik Asəf Nadirov, akademik Bəkir Nəbiyev, akademik Nailə Vəlixanlı, akademik Teymur Bünyadov, akademik Tofiq Köçərli, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri - Azadə Rüstəmova, Əli Nuriyev, İnqilab Kərimov, Nizami Cəfərov, Səlahəddin Xəlilov, Yaşar Qarayev, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri – Əlibala Hacızadə və İsa Hüseynov (Muğanna) iştirak etmişlər. Əsərə Ön söz əməkdar elm xadimi, akademik Kamal Talıbzadə tərəfindən yazılmışdır. Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov bu əsərə "525-ci qəzet"də çap etdirdiyi Sənət gözəlliyin fəlsəfəsinin işığında adlı xüsusi məqalə həsr etmişdir.

Adil Əsədovun irəli sürdüyü və Fəlsəfi Pentalogiya formatında təqdim etdiyi spiritualist aristokratizm fəlsəfəsinin müxtəlif aspektləri müəllifin Bakıda, Moskvada, Tbilisidə, Parisdə çap etdirdiyi əsərlərində əks olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasında 1986-cı ildən fasiləsiz olaraq çalışmaqla yanaşı, 1994-95-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun, 1996-97-ci illərdə Bakı Dövlət Universitetinin professoru vəzifəsində olmuşdur.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, Fəlsəfi Maarifçilik Assosiasiyasının prezidentidir.

Evlidir. Bir oğlu və bir qızı vardır.