Fəlsəfi Maarifçilik Assosiasiyası "Azərbaycan
mədəniyyətinin inkişaf perspektivləri modernləşmə kontekstində"
layihəsinin icrasına başladı.
2013
Azərbaycan Respublikası öz inkişafının mühüm mərhələlərindən birinə qədəm qoymuşdur. Bu mərhələ onun ən ümumi və ən mühüm cizgilərinin ümumiləşdirilməsi əsasında səciyyələndirilərsə, modernləşmə mərhələsi kimi xarakterizə oluna bilər. Ölkəmiz özünün milli-mənəvi dəyərlərini saxlamaqla dövrün, zamanın tələblərinə uyğun olaraq sürətlə inkişaf edir. Müstəqilliyimin ilk illərində bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində düçar olduğu dərin böhrandan xalqımızın ulu öndəri Heydər Əliyevin qüdrəti və iradəsi sayəsində xilas olan Azərbaycan hazırda müasir dünyanın ən qabaqcıl ölkələri sırasına inamla irəliləməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin neft kapitalını insan kapitalına çevirmək siyasəti öz bəhrəsini vermiş, bu siyasət xalqda daşınan intellektual potensialın daha da zənginləşməsinə, yaradıcı resursların aktuallaşmasına rəvac vermişdir. Azərbaycanın müasir inkişafda əldə etdiyi nailiyyətlər onun dünya səviyyəsində nüfuzunu və ona yönələn marağı əhəmiyyətli dərəcədə artırmışdır. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada, nüfuzlu “Aktual proqnozlar dərgisi - Rusiya: üçüncü minillik” jurnalında “Qonşuların təcrübəsi” rublikası altında çap olunan "Azərbaycan yolu: stabilləşmədən modernləşməyə doğru" adlı geniş məqaləsi Azərbaycanda həyata keçirilən modernləşmə siyasətinin hətta qonşu dövlətlər üçün də nümunə olduğunu nümayiş etdirir. Hörmətli akademikə məxsus olan, 16 yanvar 2008-ci il tarixindən Azərbaycanın demək olar ki bütün mətbuat orqanlarında çap olunan və bütün respublika miqyasında geniş müzakirə olunan «Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti» adlı konseptual məqalədə düzgün olaraq qeyd olunduğu kimi, “son illərdə həyata keçirilmiş modernləşmə qərarlarının bütöv kompleksi Azərbaycanı zəif və tənəzzül edən iqtisadi sistemə,.. marginallaşmış ictimai şüura malik sosiumdan yeni davranış normaları və stereotipləri, davamlı siyasi sistemi və mərhələlər üzrə formalaşmaqda olan demokratik təsisatları, bazar sisteminə xas iqtisadi strukturu olan məkana çevirməyə imkan vermişdir”.
Modernləşmə Azərbaycan Respublikasının inkişafının bütün sahələrini, həm dövlət quruculuğu və hüquq siyasəti sahəsini, həm iqtisadiyyatı, həm təbii ehtiyatlardan istifadə sferasını, həm sosial siyasət sahəsini, həm də əlbəttə ki təhsil, elm və mədəniyyət sferalarını əhatə edir.
Mədəniyyət sahəsində Azərbaycan Respublikasında həyata keçirilən modernləşdirilmə siyasəti bir çox iri tutumlu layihələrdə özünün parlaq ifadəsini tapa bilmişdir. Bu layihələr sırasına hər şeydən öncə Heydər Əliyev Mərkəzi, Bakı Müasir İncəsənət Muzeyi, modern tələblər üzərində qurulmuş Muğam Mərkəzi və Xalça Muzeyi, möhtəşəm “Avroviziya 2012” mahnı müsabiqəsinin keçirildiyi, bütün Avropanın və dünyanın diqqətini öz gözəlliyi ilə cəlb edən “Bakı Kristal Zalı” aid edilə bilər. Hətta funksional təyinatı mədəniyyətin inkişafı ilə bilavasitə bağlı olmayan rəsmi qurumların yerləşdiyi bir çox binalar – xüsusən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin binası, Ali Məhkəmənin binası - əslində müasir mədəniyyətimizin memarlıq inciləri sırasındadır.
Bakı şəhərinin Bayıl sahəsində yaradılan Dövlət Bayrağı Meydanı memorial abidəsi, hökumət evi qarşısındakı və Koroğlu metro stansiyası yaxınlığında musiqili fəvvarəli parklar, bütün dünyada Flame Towers adı ilə tanınan Alov qüllərəri, mədəniyyətlərin dialoqu və qarşılıqlı inkişafı ilə bağlı yüksək səviyyəli tədbirlərin keçirildiyi Bakı Biznes Mərkəzi, Hilton və Kempinski hotellərində öz gözəl mücəssiməsini tapan orijinal memarlıq nümunələri həm möhtəşəmliyi, həm də zərifliyi ilə heyranlıq hissini doğuran sənət əsərləridir.
Lakin, təbii ki, mədəniyyət sahəsində Azərbaycan Respublikasında həyata keçirilən modernləşdirilmə ilə bağlı heç də bütün problemlər öz həllini tapmamışdır. Müasirləşmə əlbəttə ki, yalnız zahiri formalarda, binaların tərtibatında, hətta geyim tərzində deyil, həm də şüurda, təfəkkür tərzində baş verməlidir. Deterministik əsaslara söykənən analitik təfəkkür üsulunun, praqmatik düşüncə tərzinin daha da gücləndirilməsinə ehtiyac vardır. Mədəniyyət sahəsində həyata keçirilən modernləşdirilmənin elektron-informasiya vasitələrində işıqlandırılma səviyyəsi də qənaətbəxş deyildir. Bu sahədə nə qədər iş görülməsinə ehtiyac olduğu təsəvvür etmək üçün belə bir faktı xatırlatmaq kifayətdir ki, açılışı 2009-cu ilə aid olan Bakı Müasir İncəsənət Muzeyi barədə və eləcə də Alov qüllələri adı ilə tanınan möhtəşəm memarlıq nümunəsi ilə əlaqədar vikipediya məqalələri hələ də qaralama halındadır. Bütün bu boşluqların doldurulmasına olan ehtiyac problemin Azərbaycan cəmiyyəti üçün nə dərəcədə aktual olduğunu nümayiş etdirir.
Layihədə qarşıya qoyduğumuz məqsəd Azərbaycan mədəniyyətinin inkişaf perspektivlərini modernləşmə kontekstində mənalandırmaqdan və onu həmin bu məna fonunda təqdim etməkdən ibarətdir.
Bu məqsədin həyata keçirilməsi üçün hazırkı layihə təklifinin 6-cı bəndində göstərilən tədbirlərin keçirilməsi vasitəsilə aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
- Azərbaycan mədəniyyətinin inkişaf perspektivlərinin modernləşmə kontekstində mənalandırılması ilə bağlı yerinə yetirilmiş tədqiqatlarda ictimai əhəmiyyət kəsb edən yeni məqamların aşkar və inkişaf edilməsinə və onların çap olunmasına nail olmaq;
- Azərbaycan cəmiyyətində daha yüksək mədəni səviyyənin əldə olunması işinə müəyyən töhfə vermək, mədəniyyət sahəsində həyata keçirilən maarifçiliyin miqyas və dairəsini genişləndirmək, əhalinin, xüsusən gənclərin mədəniyyəti yaradıcı surətdə mənimsəməsinə yardımçı olmaq, dünya mədəniyyətinin mənimsənilməsi prosesinin formal “təqlid” kimi deyil, milli mədəniyyətinin daxili resursların aktuallaşdırılması kimi məzmun kəsb etməsi işində faydalı olmaq;
- dünyanın Azərbaycana, xüsusən gənclərə müasir sivilizasiya pərdəsi altında göstərə biləcəyi yad təsirlərdən, təkcə Azərbaycan mədəniyyətinə deyil, ümumbəşəri mədəniyyətə yad olan təsirlərdən, daha konkret deyilsə, Qərb sivilizasiyasının yan təsirlərindən qorunmasında yardımçı olmaq;
- Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfələri vurğulamaqla gənclərdə bir azərbaycanlı olaraq qürur hissinin inkişaf etdirilməsinə və bununla da Azərbaycançılıq ideologiyasının sosial dayaqlarının daha da möhkəmlənməsinə yardımçı olmaq;
- Mənəvi tərəqqisinin özünəməxsus milli qaynaqlarının yenidən mənalandırılması zəminində Azərbaycan xalqına məxsus olan milli mədəniyyətin modern təqdimatına ictimai dəstək vermək;
- dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin yaradıcı surətdə mənimsənilməsi əsasında öz daxili imkanlarımızın aktuallaşdırılmasına yardımçı olmaq.