Azərbaycan Respublikası Prezidenti yaninda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəsdəyi Şurasının himayəsi altında Fəlsəfi Maarifçilik Assosiasiyası tərəfindən həyata keçirilən "Azərbaycan mədəniyyətinin inkişaf perspektivləri modernləşmə kontekstində" layihəsinin icrası uğurla başa çatmışdır. Nümayəndə heyətinə Assosiasiyanın prezidenti Adil Əsədov rəhbərlik etmişdir.

2013.05.01-2013.10.01

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Azərbaycan mədəniyyətinin inkişaf perspektivləri modernləşmə kontekstində” mövzusu üzrə materialların toplanması və nəzəri tədqiqi başlıca olaraq Bakı şəhərində,  Azərbaycan Milli Elmlər Akademiyasında yerinə yetirilmişdir. Azərbaycan mədəniyyətinin inkişaf perspektivlərinin modernləşmə kontekstində tədqiqinin nəzəri aspektləri ilə yanaşı, praktik aspektləri də diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Gəncə şəhərinə səfərlər mədəniyyətimizin inkişaf perspektivlərinin modernləşmə kontekstində tədqiqi üçün praktik empirik baza rolunu oyna­mışdir. Müasir Qərb ölkələrində şəhərlərin modernləşməsi yonümündə ən qabarıq elementlərdən biri – şəhərlərin ekoloji mühitinin yaxşılaşdırılması, həm torpağın, həm də suyun və havanın sənaye çirkabından tədricən təmizlənməsi və havanın oksigenlə zənginləşdirilməsidir. Heç də təsadüfi deyildir ki, müasir Qərb ölkələrinin şəhərlərinin mərkəzi hissəsində sanki sıx meşəni xatırladan bir istirahət guşəsi yaradılır ki, burada həm yerli sakinlər, həm də qonaqlar şəhərin nəinki küylü və təmiz olmayan havasından azad olmaq imkanı əldə edirlər, həm özlərini tam təbiət qoynunda hiss etmiş olurlar. Sıx meşəni xatırladan belə istirahət guşəsi məsələn Afinanın və ya İstanbulun mərkəzi hissəsində yaradılmışdır. Sevindirici haldır ki, bizim Gəncənin mərkəzində yer alan Xan bağı 2010-cu ildə aparılan yenidənqurma nəticəsində bu tipli tələblərə demək olar ki tam cavab verir. Gəncəni bəzəyən Xan bağı keçmişin modern təqdimatının ən gözəl nümunələrindən biri hesab oluna bilər. Sıx meşəni xatırladan belə bir bağın Bakının mərkəzində də yaradılması çox gözəl olardı. Döğrudur, bizim Bakının Milli Parkı, Kiçik Venesiya Şəhərciyi, Yeni Bulvarı, Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında salınan Qış Bulvarı çox gözəldir, xüsusən gecələr məxsusi füsunkarlıqları ilə diqqəti cəlb edirlər, amma yayın istisində bu gözəl məkanların heç biri nə Afinanın, nə İstanbulun, nə də bizim Gəncənin Xan bağının sıx meşəni xatırladan mühitini, sərinlik və rahatlıq duyğularını bəxş edə bilmir. O da döğrudur ki, bizim çox qiymətli Nəbatət bağımız, Dendrarimiz var. Biz bunlarla qürur duyuruq. Amma Bakının nə Nəbatət bağı, nə də Dendrarisi Bakı əhalisinin və qonaqların özlərini təbiət qoynunda hiss etmələri, dincəlmələri üçün nəzərdə tutulmamışdır və bu effekti vermir. Şəhərin mərkəzində belə bir istirahət guşəsinin yaradılması əlbəttə ki şəhərimizim modernləşməsi istiqamətində mühüm addım olmuş olardı. Başqa bir nümunə: İstambulda dənizin sahilləri iri qayalarla bəzədilib. Bu hal sahillərə xüsusi gözəllik verir. Düşünürük ki, bu, bizim böyüdülməkdə olan Bakı Bulvarın yeni yaradılmaqda olan hissələrində və Gəncədə Gəncəçayın sahillərində sınaqdan keçirilə bilər. Yeri gəlmişkən qeyd edək ki, biz Gəncədə olduğumuz müddətdə şəhər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gəlişinə hazırlaşırdı. Cənab Prezidentin gəlişinə geniş miqyaslı hazırlıq işləri bu günün özünə qədər davam edir və bu hazırlıq işləri Gəncənin modernləşməsi istimətində aparılan tədbirlərə çox güclü impuls verir. Azərbaycanın modernləşməsi Cənab Prezidentin siyasətinin başlıca cəhətlərindən biri olduğundan, Gəncədə həyata keçirilən hazırlıq işləri də başlıca olaraq şəhərin modernləşməsi istiqamətindədir. Burada hətta küçələrdə istiqamət göstərən oxlar belə şəhərin modernləşməsinin sanki simvolları təəssüratını yaradır. Bu kontekstdə Bakı, Gəncə və Afina arasında çox uğulu müqayisələr də aparmaq olar. Bakıda muzeylər mərkəzi, Gəncədə Elm Mərkəzi və Afinada İncəsənət Akademiyası memarlıq xüsusiyyətləri baxımından bir-birinə çox bənzəyir. Yeri gəlmişkən qeyd edək ki, Avropadan bəzi nümunələri götürməyimiz də heç də pis olmazdı. Binaların fasadlarının ikiqat sütunlarla tamamlanması, eləcə də Bakının nəqliyyat sistemində metronın son dərəcə mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, metroda vaqonların yeni üslubda, Afinada olduğu kimi (burada məsələn, insanların birinin digərinin başı üzərində durması mümkün deyil) hazırlanması bizim üçün əlavə dəyər kəsb etmiş olardı. Avropanın hətta dağlıq ərizilərdə belə yoxuş-eniş tanımayan yolları da bizim üçün gözəl nümunə ola bilər. Modernləşmə konteksində Avropanın bir sıra davranış və etiket qaydalarını və prinsiplərini mənimsəməyimiz də bizim üçün faydalı olmuş olardı.

Belə bir məqama da diqqət yetirmək istərdik. Gəncədə bir sıra baş küçələrin adlarında dəyişiklərin edilməsi təqdirəlayiqdir. Bu hal xüsusən Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinə və Nizami küçəsinə aiddir. Gəncənin girəcəyində Nizaminin Xəmsəsinə aid olan əsərlərdən hər birinə ardıcıllıqla qoyulan abidələr şəhərə daxil olan hər bir kəsdə adı bəşər tarixinə qızıl hərflərlə yazılan bir dahinin ruhu hopan şəhərə daxil olduğu hissiyatı yaradır. Nizami Gəncəvi adının əvvəllər Nəriman Nərimanovun adını daşıyan küçənin şəhərin Bakı istiqamətindən girəcəyindən Nəriman Nərimanov meydanına qədər olan hissəsinə də verilməsi və bu hissənin əvvəllər də Nizami Gəncəvinin adını daşıyan küçə ilə vahid bir yol infrastrukturu sisteminə daxil edilməsi  çox düzgün və məntiqidir. Nizami küçəsi ilə kəsişən, əvvəllər Şah İsmayıl Xətainin adını daşıyan prospektə indi ümuummilli liderimiz Heydər Əliyevin adının verilməsi isə müasir dönəmdə xüsusən uğuludur. Əgər Nizami Gəncəvi küçəsi şəhərin mərkəzindən keçərək onun şərqini qərbi ilə birləşdirirsə, Heydər Əliyev prospekti şəhərin mərkəzindən keçərək onun cənubunun şimalı ilə birləşdirilməsində ən mühüm nəqliyyat infrastrukturu sistemi ola bilir. Əgər Heydər Əliyev prospektinin cənub qurtaracağı İsmət Qayıbov və Bağbanlar küçələrinin kəsişdiyi yerə qədər uzadılsaydı və burada Tonanli, Bayan yoluna birləşdirilmiş olsaydı və Heydər Əliyev prospektinin şimal qurtaracağı, indiki halda son dərəcə gözəlləşdirilməkdə və müasirləşdirilməkdə olan Gəncə Dəmiryol Vağzalında başa çatan sonluğu tunel vasitəsilə uzadılaraq dəmir yolunun digər tərəfinə keçirilsəydi və «Göy-göl» quruğunun filialı statusunda olan «Eldar şamı» qoruğuna aparan yola birləşdirilsəydi, onda Heydər Əliyev prospekti Böyük Qafqazı Kiçik Qafqazla birləşdirən möhtəşəm yolun mərkəzi hissəsi olmuş olardı. Belə olduğu halda Heydər Əliyev prospekti təkcə Azərbaycanın iki dilbər guşəsini, «Göy-göl» quruğunu «Göy-göl» quruğunun filialı - «Eldar şamı» qoruğu ilə deyil, həm də Gəncəni Kəlbəgərlə birləşdirən, Gəncədən Kəlbəgərə və Laçına aparan yolun başlanğıcı olmuş olardı. Burada həm də mühüm simvolok məna daşınır və həmin simvolok məna isə ondan ibarətdir ki, bizim hazırda işğal altında olan rayonlarımıza, Laçına, Kəlbəgərə aparan yollar ulu öndər Heydər Əliyevin adını daşıyan  prospektdən başlayacaqdır.

Gəncənin modernləşdirilməsi ilə bağlı daha bir mülahizə: Gəncənin sanki iki girəcəyi, və iki yerdə şəhər darvazaları var. Bunlardan birincisi Nizami Gəncəvi küçəsi ilə Kimyaçılar küçəsisinin kəsinməsində, ikincisi isə Gəncə şəhərinə daxil olmadan Böyük İpək Yolu üzrə avtomobil nəqliyyatı vasitələrinin hərəkətini təmin edən Gəncə dolama yolu ilə Gəncə şəhərinə daxil olan, indi Nizami Gəncəvinin adını daşıyan küçənin kəsinməsindədir. Bunlardan birincisi şəhərin baçlanğıcı olaraq əhəmityyətini  düşünürük ki, artıq itirmişdir. Gəncə şəhərinin başlanğıcı olaraq onlardan ikincisi qəbul olunmaqdadır. Bu, düzgündür. Amma burada Gəncənin girəcəyində dairəvi yol, bir deyil, iki olsaydı, şəhəri əhatələyən yol yalnız cənubdan deyil, həm də şimaldan olmuş olsaydı, bu, ideal variant və həm də bir modernləşmə nümunəsi olmuş olardı. Məsələn Romada, Parisdə, Moskvada və ya müasir Pekində olduğu kimi.

Nəhayət sonuncu məqam: Gəncədə baş küçələrin, xüsusən Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin və Nizami küçəsinin adları rəsmən dəyişdirilsə də, bu hal dünya miqyasında qəbul olunmuş nüfuzlu elektron xəritələrdə öz əksini tapmamışdir. Google kimi dünya miqyaslı mötəbər şirkətin https://maps.google.ru/maps?hl=ru&tab=wl səhifəsində adlar əvvəlki kimi saxlanılmışdır. Bizim  layihənin məqsədlərinə bilavasitə aid olmasa da, biz adların Google-da gerçəkliyə uyğun əks olunması üçün səy göstərdik. Lakin, Google bu tipli müraciətlərin dövlət səviyyəsində edilməsi tələb edir. Bunu etmək və eləcə də yuxarada qeyd etdiyimiz təkliflərə dəstək göstərmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının müvafiq dövlət təşkilatları qarşısında vəsatət qaldırmasını xahiş edirik.