Azərbaycan Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər Bölməsinin nəzdində fəaliyyət göstərən nəzəri-metodoloji seminarın növbəti iclası keçiridi.
2013.12.19
Bakı, 21 dekabr (AzərTAc). Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin nəzdində fəaliyyət göstərən
nəzəri-metodoloji seminarın “Dil və fəlsəfə (aktual və mübahisəli məsələlər)”
mövzusunda növbəti iclası keçirilmişdir.
İnstitutdan AzərTAc-a bildirmişlər ki, iclası Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun şöbə müdiri, Əməkdar Elm Xadimi, fəlsəfə üzrə elmlər doktoru Zümrüd
Quluzadə açaraq gündəlikdəki məsələlər haqqında məlumat vermişdir.
Seminarda Humanitar və İctimai Elmlər Bölməsinin
akademik-katibi, AMEA–nın müxbir üzvü Kamal Abdullayev dil və fəlsəfənin
qarşılıqlı təsirindən danışaraq, fəlsəfə və dilin bu gün diqqət mərkəzinə
çəkilməsini dilçi və filosoflarımızın bir-birini tanıması üçün daha yaxşı körpü
olacağını bildirmişdir. Bu da gələcəkdə müştərək və bir-birini tamamlayan
mövzuların ortaya çıxmasına kömək edəcəyini nəzərə çatdırmışdır. O, bədii
əsərlərə filosof mövqeyindən, fəlsəfi əsərlərə isə ədəbiyyatçı mövqeyindən
baxılmasının zəruriliyini xüsusilə vurğulamışdır.
İclasda “Dilin fəlsəfəsi: təbiəti, şüur və idrakla münasibəti; hər birinin və
irrasional idrakın tarixi yaddaş kodunda əksi”, “Fəlsəfədə dil: tədqiqat obyekti
və ifadə vasitəsi kimi”, “Dil və fəlsəfənin islam mədəniyyəti bölgəsi və
Azərbaycan mədəniyyətşünaslığında tarixən və müasir dövrdə tədqiqinə dair”, “Dil
və fəlsəfənin tədqiqinin fəlsəfi metodologiyasının seçimi”,
“Azərbaycanşünaslıqda dil və fəlsəfənin gələcək elmi tədqiqinə dair təkliflər”
mövzuları ətrafında geniş müzakirələr aparılmışdır.
İclasda fəlsəfə üzrə elmlər doktorları Əli Abasov,
Adil Əsədov, Kazım Əzimov, Rəfiqə Əzimova, Afaq Rüstəmova, Rahid Ulusel, Arzu
Hacıyeva, filologiya üzrə elmlər doktoru Muxtar İmanov, fəlsəfə üzrə fəlsəfə
doktoru Roida Rzayeva, filologiya üzrə fəlsəfə doktoru Mayıl Əsgərov çıxış
edərək fikir və mülahizələrini bildirmiş, müxtəlif təkliflər irəli sürmüşlər.
Sonda seminar üzvləri əlyazmaların toplanılması sahəsində xidmət göstərən
şəxslərə elmi dərəcələrin verilməsi üçün Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya Komissiyasına müraciət olunmasının, müasir elm
baxımından izahlı çoxcildlik lüğətlərin yaranmasının, müxtəlif dünya dillərin
öyrənilməsinin və orijinaldan tərcümələr edilməsinin vacibliyini vurğulamışlar.