Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə ölkədə muğamşünaslıq elminin inkişaf perspektivləri ilə bağlı müşavirə keçirmişdir. Müşavirədə filosoflar Zümrüd Quluzadə Adil Əsədov çıxış etmişlər.

 

 

2014.01.10

 

 

 

Ölkəmizdə milli mədəniyyətin inkişafı üzrə aparılan ardıcıl dövlət siyasəti nəticəsində muğam sənəti yeni səviyyə qazanıb. Dördüncü dəfə Azərbaycanı əhatə edən geniş muğam müsabiqəsinin keçirilməsi, muğama həsr olunmuş beynəlxalq elmi konfransların yüksək səviyyədə təşkili bu qədim və köklü ənənələrə malik olan sənəti yeni inkişaf səviyyəsinə çatdırıb. Bütün bunlar ölkəmizdə muğam haqqında elmin də yenidən qurulması zərurətini meydana çıxarıb. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) keçirilmiş yığıncaqda muğam sənətinin elmi şəkildə tədqiq olunub öyrədilməsi, nəşri və təbliği məsələlərindən bəhs olunub.

SİA-nın xəbərinə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə muğamşünaslıq elminin əhəmiyyətindən, əhatə dairəsinin genişliyindən, bu problemlərlə məşğul olan müxtəlif elm sahələrində çalışan alimlərin fəaliyyətinin əlaqələndiriməsi zərurətindən geniş bəhs edib.

AMEA-nın prezidenti muğamşünaslıq üzrə mövcud olan potensial bir mərkəzdə cəmləşdirmək üçün qarşıda duran vəzifələri nəzərə çatdırıb. Akademik Akif Əlizadə muğam sənətinin həm ictimai və humanitar elmlərin işığında, həm də dəqiq elmlərin və təbiət elmlərinin inteqrasiyası ətrafında tədqiq etməyin vacibliyini qeyd edib. 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə muğam sənətinə dair problemlərin tədqiqi ilə tarixi, fəlsəfi, filoloji, pedoqoji və muğamşünaslıq istiqamətləri üzrə məşğul olduğunu qeyd edib: "Buna baxmayaraq, ölkəmizdə heç bir qurumda muğam sənətinin tədqiq edilib öyrənilməsi ilə məşğul olan ayrıca bir mərkəz, yaxud şöbə mövcud deyil. Bu isə muğam sənəti üzrə tədqiqatların pərakəndə şəkildə aparılması, sistemli və ardıcıl olmaması, əlaqələndirilməməsi ilə nəticələnib. Bütün bunlara görə AMEA-da muğam sənətini öyrənən xüsusi bir quruma ehtiyac yaranıb".

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müasir dövrün tələblərinə uyğun olaraq Memarlıq və İncəsənət İnstitutunda Muğamşünaslıq mərkəzinin, yaxud şöbəsinin yaradlmasını təklif edib: "AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda muğam sənəti ilə məşğul olan bir neçə elmlər doktoru və fəlsəfə doktorunun fəaliyyət göstərməsi, iki doktorantın tədqiqat aparması orada belə bir qurumun yaradılmasına əsas verir".

Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ertekin Salamzadə, şöbə müdiri, AMEA-nın müxbir üzvü Zemfira Səfərova, Xalq musiqisi şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayeva, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutundan fəlsəfə üzrə elmlər doktorları Zümrüd Quluzadə, Adil Əsədov və başqaları   çıxış edərək muğamşünaslıq elminin vəzifələrindən, muğam sənətini dərindən, ətraflı və sistemli şəkildə tədqiq edib öyrənməyin və ümumiləşdirməyin aparılan tədqiqatların əhəmiyyətindən söz açmışlar. Çıxışlarda Memarlıq və İncəsənət İnstitutunda muğamşünaslıq üzrə yeni şöbənin yaradılmasının zəruriliyi qeyd olunub.

Yeni yaranacaq quruma ilkin olaraq “Azərbaycan muğamşünaslığı” adlı məqalələr toplusunu hazırlayıb çap üçün təqdim etmək tövsiyə olunub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə yığıncağa yekun vurub.

 

Mənbə:

 

Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytı

 

Azərbaycan Milli Elmlər Akademiyası İctimai və Humanitar Elmlər Bölməsini rəsmi saytı

 

 AzərTAc

 

Azərbaycan qəzeti

 

Sia

 

Anl